Şirvan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 8,10,12,14-16 yaşlı oğlan və qızlar arasında şahmat üzrə Azərbaycan çempionatının seçmə yarışlarına yekun vurulub. Seçmə yarışlarda Bakı şəhəri istisna olmaqla, ölkənin 36 şəhər və rayonlarından 284 yeniyetmə şahmatçı iştirak edib.
Yarışda muxtar respublikamız Naxçıvan Şahmat Federasiyasından 3 məşqçi və 13 idmançı ilə təmsil olunub. Şahmatçılarımızdan beşi etimadı doğruldaraq finala vəsiqə qazanmağa müvəffəq olub. 12 yaşlılarda Davud Mikayılov (Culfa), 14 yaşlılarda Mirsaleh Seyidli (Naxçıvan), Ramal Həsənov (Naxçıvan), 16 yaşlılarda isə Rza Həsənli (Naxçıvan) və Fatimə Yusifli (Şahbuz) iyun ayında keçiriləcək ölkə çempionatında iştirak hüququ əldə edib.
Xatırladaq ki, Yasin Əzimov (Naxçıvan) ötən il Azərbaycan ikincisi kimi final mərhələsinə birbaşa vəsiqə əldə etmişdi. İdmançımız 10 yaşlılar arasında mübarizə aparacaq.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti